2022/2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun aparılması barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. 2022/2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.


2. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına və müəssisə seçiminə 2022-ci ilin iyul ayının 18-dən etibarən başlanılsın.


3. Məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı prosesin əlaqələndirilməsi və səmərəli təşkil edilməsi məqsədilə yaradılmış işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə olunur).


4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Regional Təhsil İdarələrinə tapşırılsın ki:


4.1. aidiyyəti yerli təşkilatlarla birgə 2022/2023-cü tədris ilində məktəbəqədər təhsil müəssisələrə qəbul olunacaq uşaqların sayının dəqiqləşdirilməsini; 


4.2. məktəbəqədər təhsil müəssisələrində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsini;


4.3. məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirildiyini nəzərə alaraq, tabeliklərində olan müəssisələrin məktəbəqədər qruplarına uşaqların qeydiyyatının bq.edu.az sistemində aparılmasını və valideynlərin bu barədə məlumatlandırılmasını təmin etsinlər.


5. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsi (Elnur Əliyev) məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu prosesinin gedişatı ilə bağlı sentyabr ayı ərzində iki dəfə, sonrakı aylarda isə bir dəfə olmaqla müvafiq hesabat təqdim etsin.


6. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsi (Elnur Əliyev), Hüquq şöbəsi (Səbuhi Mahmudov) məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinin elektron qaydada aparılması ilə bağlı mövcud hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təklifləri (1 ay müddətində) hazırlayaraq rəhbərliyə təqdim etsin. 
7. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron sistem vasitəsilə qəbulu üçün proqram təminatı ilə bağlı lazımi tədbirlərin icrasını təmin etsin.


8. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Regional Təhsil İdarələrinə və Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.


9. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.


10. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.

 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
18 iyul 2022-ci il
F-45