Novruz bayramının tarixi çox qədim zamanlara aiddir. Bu bayram tək Azərbaycan xalqının deyil, dünyanın bir çox ölkələrində milli bayram kimi qeyd edilir. Novruz təkcə onu keçirən türk xalqlarının bayramı deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyərlərindən biri hesab edilir. Kökləri islamdan əvvəlki tarixi dövrə aid olunan Novruz bayramı Azərbaycanla yanaşı, əksər Şərq ölkələrində də qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.
“Novruz” – hərfi mənada yeni gün deməkdir. Amma, ifadə etdiyi mərasimə görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza aid müxtəlif məsələlər Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Novuruz və s. də rast gəlinir. “Novruz” anlayışı bəzi deyiliş formaları ilə bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi.
Novruz haqqında məlumatlara orta əsr mütəfəkkirlərinin - Əbu Reyhan Biruninin, Mahmudun Kaşğarlının,Yusif Balasaqunlunun, Ömər Xəyyamın, Nizamülmülkün, Nizami Gəncəvinin və b. əsərlərində rast gəlirik. Əl - Biruninin əsərində belə bir sınama haqqında məlumat verir: “Əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal yesən və üç parça mum yandırsan bütün xəstəliklərdən xilas olarsan”. Ömər Xəyyamın “Novruznamə”sində verilən məlumatlara görə, Novruzda yerə su səpərmişlər, yaxınlara hədiyyə verərmişlər, şirniyyat paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər və digər mərasimlər icra edilərmiş. Novruzda süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar qoyarmışlar.
Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə xüsusi diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, qohum və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və rəğbət ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.
Novruzun əkinçilik təqvimi ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı gündüzlə gecənin bərabərləşdiyi ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (yeni gün) adlandırıblar.
Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri “Novruz”un “Yaradılış bayramı” olmasıdır. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir. Digər bir mülahizəyə görə, “Novruz” turanlıların “Tura” bayramıdır. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. “Avesta”da Qara Martan adlanan obraz ilkin insan və ya bəşəriyyətin əcdadı hesab edilir. Bu personaj “Avesta”ya, heç sübhəsiz, Turan aləmindən daxil olmuşdur.
Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılmış və ümumi bir fikirdir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualının əksini “Kosa-kosa” oyununda görürük.
Novruz oyunları kompleksinə daxil olan “Kəndirbaz” oyunu da arxaik ritualdır və bu ritual Novruzun mənşəyinin öyrənilməsində istifadə oluna bilər. Çünki bu oyunda çox əski “keçid” ritualı oynanılır. Buradakı keçid o dünyaya gedən “qıl körpüsünü” də, “uçmağa” aparan yolu da simvolizə edə bilər. Novruzun türklərin əski “Ergenekon bayramı” olması haqqında fikirlər vardır. Bu mülahizəyə görə, türklərin əskidən bəri keçirdikləri “Ergenekon bayramı” müəyyən bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlamışdır. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə “Ergenekon” deyiblər. Bu mənada Ergenekon həm zamandır, həm xilas, qurtuluş günüdür, həm də məkandır, yeni və çox zəngin bir yerdir. Türklər həmin yerə gəldikləri günü Tanrıya alqışetmə günü kimi qeyd etmişlər.
Novruzun simvolları olan arqumenlər hər biri müəyyən mənanı ifadə edir. Onların hər biri müəyyən bir elementlə simvolizə olunur. Məsələn, “səməni” təbiətin dirilməsini bitki səviyyəsində simvolizə edir. Ən mərkəzi mövqeyi “tonqal” tutur. Tonqalın od, alov, atəş mənası bir sıra türk dillərində az fərqli sözlərlə işlənməkdədir. Tonqal əski türkcədə günəşin doğmasını bildirən “tanq” və günəşin qürubunu ifadə etmək üçün istifadə olunan “tünq” kəlmələri ilə əlaqəlidir. Heç şübhəsiz ki, tonqal ilk öncə günəşi və bundan sonra da Tanq Tenqrini simvolizə edir. Əski türklərdə günəş həm Tanrıdır, həm də yaradıcı əcdaddır. Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar, kasıblıq və aclıq xaosu simvolizə edir. Təmizlik, təzə paltar, yeməklər, xaosun natəmizlik, köhnəlik, aclıq kimi formalarını aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur. Yumurta döyüşdürülməsi iki dünyanın - qışla yazın, soyuqla istinin, xaosla - kosmosun mübarizəsini nümayiş etdirməkdir. “Qulaq falı” və ya “qapı pusmaq” yeniləşmənin məlumat səviyyəsini əks etdirir.
Qoy bu Novruz sağlamlıq, bolluq, ruzi-bərəkət, xalqımıza sülh və əmin-amanlıq gətirsin.
Bayramınız mübarək!