Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi, bu tarixi vərəqləyənlərı günümüzdə də dəhşətə gətirir. Artıq 30 ildir ki, Xocalı qan yaddaşımız kimi beynimizdə daşlaşmış xatirəyə çevrilmişdir. Bildiyimiz kimi, XX əsrin 80-ci illərinin II yarısı, 90-cı illərin əvvəlləri xalqımızın tarixində çox mürəkkəb, ziddiyyətli, çətin sınaqlarla dolu illər kimi yadda qalmışdır. 1988-ci ilin fevral ayından başlayan ermənilərin separatçılıq hərəkatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına gətirib çıxardı. Nəticədə, öz havadarlarına arxalanan Ermənistan işğalçı qüvvələri ərazi bütövlüyümüzü pozaraq şəhər və kəndlərimizi zəbt etməyə, dinc mülki əhaliyə qarşı amansız qırğın, soyqırım əməlləri törətməyə başladılar. Belə hadisələrdən biri də dinc, sülh şəraitində yaşamaq arzusunda olan Xocalı sakinlərinə qarşı törədildi.
Xocalı coğrafi mövqeyinə strateji əhəmiyyətinə görə çox mühüm yaşayış məntəqəsi olduğu üçün erməni işğalçı qüvvələrinin əsas hücum hədəflərindən biri idi. Burada hava limanının yerləşməsidə Xocalını əsas hücum hədəfinə çevirdi. Xocalı 1991-ci ilin oktyabrından tam blokada vəziyyətində idi. Yalnız vertolyotlarla əlaqə saxlamaq mümkün idi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də uçmuşdu. Bundan sonra Xocalı belə demək mümkündürsə taleyin ümüdünə buraxılmışdı. Mərkəzdə, Bakıda isə siyasi xaos, hakimiyyət uğrunda “mübarizə” gedirdi. Xocalı sakinlərinin taleyi demək olar ki, heç kimi narahat etmirdi. Elə Xocalı bu siyasi xaosun, qarşıdurmanın ilk böyük qurbanlarından biri oldu.
Malıbəyli, Qaradağlı faciələrindən sonra növbə Xocalıya da çatdı. 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri , 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyəti, eləcədə muzdlu “Arabo”, “Aramo” adlı erməni quldur dəstələrinin iştirakı ilə Xocalını zəbt etdilər. Şəhərin tutulması ilə XX əsrin ən dəhşətli soyqırımlarından biri törədildi.
Dinc mülki əhaliyə qarşı amansız qətliam həyata keçirildi. Uşaqlar, qadınlar, qocalar misli görünməmiş işgəncələrə məruz qaldılar. Bununla kifayətlənməyən amansız düşmən, meyidləri belə təhqir etməkdən çəkinmədilər. Nəticədə, 63-ü uşaq, 106-ı qadın, 70 nəfəri qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilmişdir. Faciənin baş verməsi ilə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini ,130 uşaq isə valideynlərindən birini itirmişdir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Əsir götürülən soydaşlarımızdan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Qeyd etdiyimiz kimi, Xocalı soyqırımızdan artıq 30 il keçir. Bu qədər vaxtın keçməsinə baxmayaraq, xalqımız heç bir zaman Xocalını unutmamış və unutmayacaqdır. Ümummilli liderimiz Heydər Əliyev cənabları, daxili və xüsusilə xarici siyasətində mübarizəsində Xocalı faciəsinə ədalətli, düzgün qiymət verilməsinə xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi ilə Azərbaycan parlamenti 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında”qərar qəbul etmiş, BMT və digər beynəlxalq təşkilatlar erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları və I vitse prezitent Mehriban xanım Əliyeva siyasi fəaliyyətləri dövründə Xocalı faciəsinin beynəlxalq aləmdə tanınması, haqq-ədalətin tezliklə bərpa olunması uğrunda mübarizə aparırlar. “Xocalı soyqırımı”nın beynəlxalq aləmdə tanınmasında H.Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kompaniyasının da çox böyük təsiri olmuşdur. 2008-ci ildən həyata keçirilən”Xocalıya ədalət” kompaniyası dünyanın ən aparıcı dövlətlərində milyonlarla insanın diqqətini bu faciəyə cəlb etməyi bacarmışdır.
Xocalı soyqırımının tanınması Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu uğurlu siyasətin nəticəsidir ki, “Xocalı soyqırımı” bir çox dövlətlərdə müxtəlif səviyyələrdə tanınmışdır. Soyqırımı tam dövlət səviyyəsində isə Meksika, Kolumbiya, Çexiya, İordaniya, Peru, Ruminiya və s. ölkələr olmaqla, ümumilikdə 27 ölkə tanımışdır. ABŞ-nın 22 ştatı Xocalı hadisələri ilə bağlı baş verənləri soyqırım kimi tanıyan sənədlər qəbul etmişdir.
Bundan sonra da bu istiqamətdə xarici siyasət davam etdiriləcək və inanırıq ki, dünyanın daha çox ölkəsi ədalətin zəfər çalmasında iştirak edəcəkdir. Bu gün artıq Azərbaycanda yeni siyasi mühüt formalaşmışdır. Azərbaycan “Vətən müharibəsində” böyük qələbə qazanmışdır. Xocalının qisası döyüş meydanında alınmışdır.
Bütün bunlar haqq-ədalət savaşında bizə daha böyük üstünlük qazandırır və gələcək siyasi mübarizədə qələbəmiz üçün uğurlu zəmin yaradır.