Suqovuşan və Cəbrayılın azad olunmasından sonra Azərbaycan ordusu düşmənin möhkəm istehkamlar qurduğu Hadrutu azadetmə əməliyyatına başladı. Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrut qəsəbəsinin azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi. Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər və 9 oktyabrda Hadrut qəsəbəsi tamamilə azad edildi.
Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Azərbaycan ordusunun Dağlıq Qarabağa daxil olmasına şərait yaratdı. İşğaldan azad edilən Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycana məxsus yaşayış məntəqəsidir. Yaşayış məntəqəsinin adı XIX əsrdə Ağoğlan kimi qeydə alınıb. SSRİ-nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsü 5 rayondan ibarət olmuşdur.1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başladı. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il qanununa əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş hesab edildi. Bu qanuna əsasən, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri,Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Bundan əlavə, Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edildi.
Nəticə etibarı ilə Hadrutun işğaldan azad edilməsi erməni işğalçılarının cəbhənin digər istiqmətlərində müqavimətinin zəifləməsinə və digər ərazilərin daha az itki ilə azad edilməsinə şərait yaratmış oldu.
Oktyabrın 9-da prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Azərbaycan ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib.Hadrut qəsəbəsi Ali Baş Komandanın əmri ilə tarixi adı İkiçayarası adına qovuşdu.Prezident Ali Baş komandan İlham Əliyev 2021-ci ildə Hadruta(İkiçayarası) səfər etmişdir. Qəsəbədə Dəmir Yumruq abidəsi inşa edilmişdir.