1920-ci il 28 apreldə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Dağlıq Qarabağın böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur vəQarabağdan öz qoşunlarını çıxarılmasını tələb edir.10 avqust 1920-ci il tarixində RSFSR ilə Ermənistan arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR-in ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrininəzarətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1921-ci ildə Yuxarı Zəngəzur ermənilərə verilir. 1929-cu ildə Azərbaycan torpaqları Ermənistan SSR-in hesabına Mehri rayonunun təşkili ilə Azərbaycanın Naxçıvanla quru yolu bağlandı.
İkinci Qarabağ müharibəsinin sonunda üçtərəfli bəyanatda Qarabağda atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.Beləliklə, Zəngəzur dəhlizi məsələsi ön plana keçdi.Ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər formada mane olmaq istəyirlər. Təbii ki, bu səbəbsiz deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Həmin qüvvələrə Prezident İlham Əliyev qəti şəkildə xəbərdarlıq edərək demişdir: “İndi Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Biz onları buna məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bu istəyimizə də nail olacağıq”. Prezident İlham Əliyevin qətiyyəti qarşısında Ermənistan geri addım atmağa məcbur oldu. Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda gətirəcəyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa məcbur olmuşdur.
Prezident İlham Əliyev oktyabrın 26-da Zəngilanın Ağalı kəndində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi tədbirdə verdiyi bəyanatında demişdir: “Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz.Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”.Həmin tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da, Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq demişdir: “Buraya gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşa, digər tərəfdən də cənub sərhədi boyunca Ağbənd, gələcəkdə isə inşallah Naxçıvan ilə birləşdirəcək yolların inşa edildiyini gördük. Bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Füzulidə də bildirdiyim kimi, bu qədər qısa müddətdə bölgənin bərpası istiqamətində görülən işlər həm Azərbaycan, həm də regionumuz üçün qürurverici və ümidvericidir”.Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri ilə bağlı yeni imkanlar yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi üstünlüklərdə gətirəcək. Əvvəla ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qısadır və bu həm yük göndərən, həm də yük qəbul edən tərəflər üçün çox sərfəlidir. Dövlətlərarası ticarətdə bu faktora xüsusi önəm verirlər, çünki məsafə qısaldıqca daşınma xərcləri azalır. Digər mühüm əhəmiyyət daşıyan fakt isə odur ki, alternativi çox olan hər bir marşrut daha etibarlı sayılır. Məsələn, hər hansı bir səbəbdən - istər siyasi, istərsə də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutundan istifadə etmək mümkün olacaq. Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Zəngəzur dəhlizi Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində torpaqlarımızın işğal edilməsi ilə bağlanmışdı. Bu dəhlizin bağlanması Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla respublikamızdan ayrı salıb. Bu illər ərzində Naxçıvan sakinləri Zəngəzur dəhlizinin bağlı olmasından çox əziyyət çəkiblər. Naxçıvanlılar Azərbaycana gediş-gəlişdə, daşınmaların həyata keçirilməsində, enerji təhlükəsizliyinin təminində böyük problemlər yaşasalar da, ölkəmizin iqtisadi gücü sayəsində bu problemləri həll olunub. Amma quru yolla gediş-gəlişlə bağlı hələ də çətinlik yaşanmaqdadır. Bu çətinliklər də Zəngəzur dəhlizinin açılması ilə həll olunacaq. Ermənistan Zəngəzurun dəhliz adlandırmasının əleyhinədir. Zəngəzur bölgəsinin bir hissəsi artıq Azərbaycan Respublikasının nəzarətindədir. Prezident İlham Əliyev yeni inzibati bölgüdə Şərqi Zəngəzur adlanan inzibati vahidin yaradıldığını elan etmişdir.