12.12.2021

Səngər generalı...

Səngər generalı... Səmayə Həşimova: “Kabinet generalı yox, səngər generalı yetişdirmişdim mən. Səngər generalı hər evdən çıxmır”.
   Elə məhz bunun nəticəsi idi ki, Şəhadəti günü axşam saatlarında Azərbaycan xalqı uzun müddətdən sonra yenidən “Azadlıq” meydanına toplaşdı. İyulun 14-dən 15-nə keçən gecə Bakıda on minlərlə azərbaycanlı küçələrə axışaraq ölkə rəhbərliyindən dərhal səfərbərliyin başlanılmasını tələb etdi. Meydanlarda İlham Əliyevin “Valday” sammitində səsləndirdiyi “QARABAĞ AZƏRBAYCANDIR !” cümləsi xalqın dilində əsas şüar oldu. Xalq artıq bununla İkinci Qarabağ savaşına və ya VƏTƏN müharibəsinə hazır olduğunu bəyan etdi. Bəli, hər şey buradan başladı. 2020-ci ilin iyul ayındakı Tovuz döyüşlərindən başladı. Tovuz döyüşlərində şəhadəti ilə Azərbaycan xalqının içində uzun illərdir yatan qisas hissini oyadan general - Polad Həşimov. Bəlkə də çoxlarımız o zamana qədər Azərbaycan ordusunda general-mayor rütbəli Polad Həşimovu tanımırdıq. Niyə bu şəxs şəhadəti ilə, ölümü ilə - ölümsüzlük qazandı ? - Səbəb onu bizə sevdirən rəftarı, şəxsi heyəti ilə davranışı, 45 illik ömrünün yarıdan çoxunu – düz 28 ilini Azərbaycan ordusuna həsr etməsi idi.
   Murovdağ: Uğursuzluqdan uğura aparan yol ... Hər dəfə Murovdağ kəlməsini eşidəndə, oxuyanda 1994-cü ilin qarlı, şaxtalı vaxtları gözlərimizin qarşısına gəlirdi. Düzdür, onsuz da bütün il boyu Murovdağın qarı əksik olmur. Amma bu qarlı dağ 1994-cü ildən 2020-ci ilin sentyabrın sonlarına qədər qəlbimizdə dərin, lakin qanlı bir iz buraxmışdı.Həmin vaxt əvvəli uğurla başlanan, lakin sonradan mövcud iqlim şərtləri düzgün nəzərə alınmadan həyata keçirilən eyni adlı əməliyyatda yüzlərlə Azərbaycan hərbçisi güllə belə dəymədən, sadəcə donaraq öldü. Sanki Murovdağ Sarıqamış,    Azərbaycan isə 1914-cü ilin Osmanlısı idi.
Vaxt gəldi, qələbə çaldı ordumuz,
Azadlığa çıxdı, doğma yurdumuz.
Yenilməzaslanadöndü qurdumuz.
Dağıldı düşmənin bərəsi, bəndi.
Murovun o üzü bizim vətəndir ! ! !

   Lakin sentyabr ayının 27-də başlanan “Vətən müharibəsi”ndən danışdıqda bu dəfə MUROVDAĞ kəlməsi zəfərin başlanğıcı oldu. Sanki qələbəyə aparan yola işıq saçdı. Məhz sentyabrın 27- si axşam saatlarında Müdafiə Nazirliyi MUROVDAĞ zirvəsinin azad olunduğunu xalqa bəyan etdi. Bəs nə idi Murovdağın əhəmiyyəti ?Məhz bu zirvəyə sahib olan tərəf Kəlbəcər rayonuna nəzarəti təmin edir,məhz bu zirvəyə sahib olan dövlət Ermənistandan Qarabağa doğru uzanan strateji əhəmiyyətli Vardenis-Ağdərə yolunu tam nəzarətə götürürdü.
   Xudafərindən salam var…Onsuz da ARAZ çayı ilə bu vətən, bu torpaq ikiyə bölünmüşdü. Bir də Xudafərin həsrəti var idi…
   Cənubi Azərbaycandan keçərək avtobusla və ya şəxsi maşını ilə Naxçıvana gedənlər çox yaxşı görürdü – Xudafərini...
Uçulmuş, dağılmış evlərin ətrafında qalan və artıq yaşı min ilə yaxınlaşan Xudafərin. O da həsrət çəkirdi. Gözləyirdi ki, azərbaycanlılar gəlsin, baxımsız vəziyyətdə qalan, əsası 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən qoyulan bu körpüyə üç rəngli bayrağımızı sancsınlar. Bu tarix çatdı – özü də düz müstəqillik günümüzdə, 18 oktyabrda üçrəngli bayrağımız Xudafərinə yeni bir nəfəs verdi.
Vətən yaxşıdır. . .

   44 günlük “Vətən müharibəsi” bizə təkcə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızı qazandırmadı.... 44 günlük “Vətən müharibəsi” bizə təkcə illərdir adını yalnız kitablarda oxuduğumuz tarixi və mədəni abidələrimizi qazandırmadı ... 44 günlük “Vətən müharibəsi” bizə illərdir düşmənin tövlə kimi istifadə etdiyi məscidlərimizi, ziyarətgahlarımızı qazandırmadı ... 44 günlük “Vətən müharibəsi” bizə tanımadığımız qəhrəmanları və elə tanımadığımız qəhrəmanın ifasında adını belə bilmədiyimiz musiqimizi qazandırdı. Bu mahnını bizə sevdirən isə şəhid XUDAYAR YUSİFZADƏ oldu.
   Müəllifi Əlibaba Məmmədovun da sevinərək adını dəyişdirdiyi və əbədi olaraq yaddaşımızda qalan “VƏTƏN YAXŞIDIR” təsnifi “XUDAYAR TƏSNİFİ” olaraq tarixə düşdü.
  
Şuşa Qarabağın döyünən ürəyi…
   Şuşa bir nisgil idi qəlbimizdə... Qarabağı Şuşasız, Şuşanı azərbaycanlılarsız necə təsəvvür etmək olardı ?! Amma 28 ildən də artıq idi ki, biz Şuşasız idik . . .   Müəllimindən, həkimindən, ümumiyyətlə, siravi azərbaycanlıdan soruşun Şuşa sənin üçün nədir?
  
Şuşa - kimisi üçün muğamımızın beşiyidir! Şuşa - kimisi üçün Cıdır düzüdür! Şuşa - kimisi üçün Xarıbülbüldür! Şuşa- kimisi üçün Qarabağ atıdır! Şuşa - bizim üçün Pənahəli xandır, himnimizin bəstəkarı Üzeyir bəydir, Xan qızı Natəvandır, general Mehmandarovdur, elə “Şuşanın dağları”-nı bizə musiqi ilə çatdıran Xan Əmidir.
   Məhz 44 günlük “Vətən müharibəsi”- nin taleyini Şuşanın alınması həll etdi. Azərbaycan əsgəri təkcə qanı və canı bahasına almadı Şuşanı.Azərbaycan hərbçisi düşmənin gözləmədiyi istiqamətdən dağlardan, sıldırım qayalardan keçərək günlərlə ac-susuz yol qət edərək azad etdi Şuşamızı.Heç bir texnikanın köməyi olmadan, üzərində gəzdirdiyi kiçik silah-sursatla azad etdi – ŞUŞA-mızı.Bütün dünyanı heyrətə gətirərək azad etdi ŞUŞA-mızı.Məhz Şuşanın azad olunduğu tarix bizə “Zəfər günü”nü bəxş etdi.Xarıbülbül Zəfər bayramının rəmzinə çevrildi.Bu qələbə bizə Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun və Azərbaycan xalqının birliyi, həmrəyliyi sayəsində nəsib oldu.Əbəs yerə deyildir ki, Ali Baş Komandan torpaqlarımızın azad olunması üçün həyata keçirilən bu hərbi əməliyyatı “Dəmir yumruq” adlandırmışdır.
   Şuşa – sən azadsan ! Şuşa- biz qayıtmışıq ! Şuşa – biz səni dirçəldəcəyik ! ! !


Açar sözlər: ,