1920-ci ildə AXC-nin bolşevik Rusiyası tərəfindən işğal edilməsindən sonra tarixi torpaqlarımızın xeyli hissəsi qonşu sovet respublikalarına verildi. Bu azmış kimi, sovet milli siyasəti adı altında Qarabağın dağlıq hissəsində yaşayan bir ovuc erməni üçün Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı qurum da yaradıldı. Lakin o zaman Göyçədə, Zəngəzurda və digər ərazilərdə kompakt şəkildə yaşayan yüz minlərlə türk-müsəlman əhaliyə belə bir muxtariyyət verilməsi nədənsə “unuduldu”. Bununla da, 1923-cü ildə DQMV-nin təşkili ilə gələcək Dağlıq Qarabağ münaqişəsinin əsası qoyulmuş oldu. 1988-ci ildə ermənilərin DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı Azərbaycana qarşı ərazi iddiaları SSRİ rəhbərliyinin qətiyyətsiz addımları və ermənipərəst mövqeyi nəticəsində silahlı münaqişəyə çevrildi.
Münaqişənin birinci mərhələsi 1988–1994-cü illəri əhatə edirdi. Bu dövrdə əvvəlcə Ermənistan SSR-də yaşayan yüzminlərlə soydaşımız zorla deportasiya edildi. Deportasiya zamanı 215 nəfər dinc azərbaycanlı sakin qəddarlıqla öldürüldü: onların içərisində qadınlar, qocalar, uşaqlar da var idi. Bütün bunlar SSRİ rəhbərliyinin gözü qarşısında baş verdi. Lakin cinayətkarlar cəzasız qaldı. 1991-ci ilin sonlarında isə SSRİ-nin dağılması ilə münaqişə açıq müharibəyə çevrildi.
1994-cü ildə atəşkəs barədə Bişkek sazişi imzalandı. Problemin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi başlandı. Lakin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 28 il davam edən bu danışıqlar heç bir nəticə vermədi. Bu illər ərzində Ermənistan hər fürsətdə atəşkəsi pozub. Ordumuz hər atəşkəs pozuntusuna layiqli cavab verib.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Müzəffər Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağını 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.
2020-ci il 8 noyabrda isə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa şəhəri 28 il 6 aydan sonra düşmən işğalından azad olundu və şəhərdə Azərbaycan bayrağı qaldırıldı. Şuşanın azad edilməsi Vətən müharibəsində əldə olunan böyük qələbənin zirvəsidir. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.
Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü kimi qeyd edilir.