12.10.2021

Qarabağın enerji mənbələri

Azərbaycan Respublikasının Prezidenti, müdrik lider, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını həyata keçirən rəşadətli Ordumuzun 44 gün ərzində, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin qaytarılması ilə nəticələnən “Vətən müharıbəsi”nin tarixi qələbəyə atdığı imzadan 1 il keçir. Keçən bir il ərzində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən vətən savaşından haqlı olaraq qalib çıxan ölkəmizin, otuz ilə yaxın müddətdə erməni vandallarının vəhşilikləri nəticəsində dağıdılmış ərazilərimizin yenidən qurulması və abadlaşdırılması istiqamətində atılan addımlardan biri də bölgənin alternativ enerji mənbəyinə çevrilməsi istiqamətində görüləcək işlərdən ibarətdir.
    “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”, - deyən Cənab Prezidentimiz Qarabağı “yaşıl enerji” zonası elan etmişdir. O, bildirmişdir ki, ,,Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaqdır.
Ənənəvi enerji mənbələrinin ətraf mühitə vurduğu ziyanı və müəyyən müddətdən sonra tükəndiyini nəzərə alsaq, bərpa oluna bilən alternativ enerji mənbələrinin fəaliyyət göstərməsi və ekoloji təmizliyin qorunması məqsədilə ölkəmizdə bu sahədə müəyyən addımlar atılması zəruridır. Mənbələrə əsasən deyə bilərik ki, Azərbaycan ərazisində enerji almaq üçün mövcud olan alternativ enerji mənbələrinin 60 faizi Qarabağda olan çayların payına düşür. Qarabağımızda müxtəlif sahələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri olan enerji layihəsinə, işğaldan azad olunmuş Laçının Güləbird kəndində 8 meqavatt gücündə ilk Su Elektrik Stansiyasının istismara verilməsini misal göstərmək olar.
Bundan başqa Qarabağ və ətraf əraziləri, yalnız hidroenerji deyil, həm də Günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan mənbələrlə zəngindir. Araşdırmalara əsasən müəyyən edilmişdir ki, Qarabağın 4 mindən çox meqavat günəş enerjisi və 500 meqavatadək külək enerjisi istehsal etmək potensialı var. Bu cür elektrik stansiyaları gələcəkdə nəyin ki, Azərbaycanın öz enerji ehtiyaclarını ödəməsinə, həm də qonşu ölkələrə də elektrik enerjisi satmasına imkan verəcəkdir. Gələcəkdə, Kəlbəcər və dəniz səviyyəsindən yüksək ərazilərdə yerləşən rayonlarımızda ildırım enerjisindən istifadə olunmasının və yüksək ərazilərdə ildırım ötürücü qurğuların quraşdırılmasının nəzərdə tutulması təqdirəlayiq layihələrdəndir. İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin sürətlə aparılması , Cənab Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyindən xəbər verir.
    Yaşasın Qarabağımızı düşmən tapdağından azad edən Ali Baş Komandan və Rəşadətli Azərbaycan ordusu!


Açar sözlər: