Müasir Azərbaycan dövləti öz köklərini Qafqaz Albaniyası dövlətindən alır. Hazırda Dağlıq Qarabağ kimi tanınan ərazi vaxtilə həmin dövlətin bir hissəsi olub. Bu ərazilər orta əsrlərdə burada mövcud olmuş türk-müsəlman sülalələri tərəfindən idarə edilmiş, XVIII əsrdən isə cavanşirlərin başçılıq etdiyi Qarabağ xanlığının ərazisinə daxil edilmişdir. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələrindən sonra ərazinin etnik tərkibi tamamilə dəyişdirilmiş, Azərbaycan torpaqlarında zaman-zaman ermənilərin məskunlaşdırılması həyata keçirilmişdir. Sonrakı dönəmdə də davam etdirilmiş köçürülmə prosesi nəticəsində ermənilərin bu bölgədə süni surətdə çoxaldılması, onlar tərəfindən XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.
Ermənistan-Azərbaycan münaqişəsinin hazırki mərhələsi Xankəndi və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda başlanılmış deportasiya siyasəti olmuşdur.1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində davam etdirilmiş, dəhşətli işgəncələrlə müşaiyət olunan deportasiya nəticəsində bir milyonadək soydaşımız öz yurd yuvalarından qovuldular. 1992-1993-cü illərdə münaqişəni nizama salmaq üçün BMT Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı qətnamələr qəbul etsə də, Ermənistan tərəfi bu qətnamələrə heç bir məhəl qoymadı. 1994-cu il mayın 12-də Ermənistan- Azərbaycan arasında atəşkəs (Bişkek) protokolu imzalandı və bununla da Dağlıq Qarabağ münaqişəsi dondurulmuş konfliktlər siyahısına daxil edildi. Minsk qrupu və qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasına sanki göz yumurdular və 27 ilə yaxın bölgədə status-kvo mövcudluğunu sürdürdü. Nəticədə Ermənistanın “yeni ərazilər uğrunda yeni müharibə” strategiyasına başlaması sülh danışıqlarına son dərəcə mənfi təsir etmiş, kompromis üçün siyasi müstəvini tamamilə bağlamışdı.
27 sentyabr 2020-ci il Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu yaşayış məntəqələrini müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. “Dəmir yumruq “ adlı uğurlu əks-hücum əməliyyatı ilə başlayan bu müharibə 2020-ci il 8 noyabrda qələbə simvoluna çevrilmiş Şuşanın alınması ilə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
44 gündə qazanılmış qələbəyə artıq 27 il idi ki, hazırlıq gedirdi. Əvvəlcə Ulu Öndərimiz Heydər Əliyev ölkəni iqtisadi və siyasi xaosdan xilas etdi. Uzunmüddətli strateji siyasət xətti yaradıldı. Əsası Ulu Öndər tərəfindən qoyulmuş bu siyasi xətt onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ali Baş Komandan İlham Əliyev cənablarının böyük sərkərdə məharəti və bir yumruğa çevrilmiş xalqımızın igid oğullarının qəhrəmanlıqla döyüşməsi bizə böyük qələbə sevincini yaşatdı.