2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur.
Əşrəf Hüseynov fundamental tədqiqatlar müəllifi kimi aldığı nəticələr, yaratdığı nəzəriyyə və açdığı yeni istiqamətlərlə Azərbaycanda çoxəsrlik tarixə malik riyaziyyat elmini daha da zənginləşdirmiş, onun müasir mərhələdə inkişafına dəyərli töhfələr vermişdir. Uzun illər pedaqoji sahədə fəaliyyət göstərən və riyazi biliklərə dərindən yiyələnmiş yüksək hazırlıqlı mütəxəssislər nəsli formalaşdıran alimin çoxsaylı yetirmələri mənsub olduqları elmi məktəbin nailiyyətlərini layiqincə davam etdirmişlər.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elmi qarşısında mühüm xidmətlərini və yüksəkixtisaslı kadrların hazırlanması işində səmərəli fəaliyyətini nəzərə alaraq, akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2017-ci il.