Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.

Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq



 

ƏMR EDIRƏM:



 

1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə apelyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. Tabelik üzrə yerli təhsili idarəetmə orqanlarına tapşırılsın ki:

3.1. bu əmrin və Qaydaların Təhsil Nazirliyi sisteminə daxil olan bütün ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsinlər;

3.2. direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri ilə bağlı vəziyyəti təhlil etsinlər və vakansiyaların siyahısının toplanmasını və elektron sistemə işlənməsini 11.03.16 - 18.03.16 tarixləri ərzində təmin etsin;

3.3. pedaqoji heyət arasında Qaydalar və onun tətbiqi ilə bağlı aidiyyəti maarifləndirmə tədbirləri həyata keçirsinlər.

4. İnsan resursları şöbəsinə (İ.Nağıyev) tapşırılsın ki:

4.1. müsabiqədə iştirak üçün elektron ərizə qəbulunu 18.03.16 - 31.03.16 tarixlərində həyata keçirsin;

4.2. müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.3. mərkəzləşdirilmiş qaydada test imtahanlarını 04.04.16 - 10.04.16 tarixlərində, müsahibələrin 11.04.16 - 29.04.16 tarixlərində keçirilməsini təmin etsin.

5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını, müsabiqədə iştirak edəcək namizədlər üçün nəzərdə tutulmuş məlumatların və müsabiqənin nəticələrinin Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

6. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) müsabiqənin keçirilməsi barədə kütləvi informasiya vasitələrinin məlumatlandırılmasını təmin etsin.

7. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”nın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 27.02.2015-ci il tarixli 260 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

8. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə olunsun.

Əsas: Aparat rəhbəri M.Eynullayevin xidməti məlumatı



 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

11 mart 2016-cı il

№143




 

Əlavə:



 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar



 

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə apelyasiya komissiyasının tərkibi