Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə sənəd qəbulu elan edir.
Namizədlər 16- 22 oktyabr tarixləri aralığında (şənbə və bazar günləri istisna) saat 09:00-dan 18:00-dək aşağıda qeyd olunan sənədləri Dağlıq Şirvan Regional Təhsil İdarəsində müvafiq komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər. (ünvan: Şamaxı şəhər, 2 nömrəli tam orta məktəbin binası, Şəhriyar küçəsi, 21)
Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal.
Namizədlər üçün tələblər:
* Ali pedaqoji və ya idarəetmə ixtisası;
* 3 ildən az olmayaraq pedaqoji staj;
Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı əsas funksional idarəedicilərdən biri olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. O, müəllim, psixoloq, tərbiyəçi, uşaq birliyi təşkilatı, sinif, dərnək rəhbərləri, valideynlər, ictimai təşkilatlar, şagird özünüidarə və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. Həmçinin gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq mərkəzləri, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Təhsil alan uşaqlar arasında hüquq pozuntularına qarşı geniş miqyaslı profilaktik işi təşkil edir. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasını, təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını, Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar və əmrlərini, məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramlarının hazırlanmasını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, tərbiyənin tədrislə vəhdətini, fəal təlim, sosial-psixoloji ünsiyyət metodlarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir.
Müasir Azərbaycan məktəblərinin idarə edilməsi, ilk növbədə fərqli xüsusiyyətlərə malik komanda üzvləri ilə çalışma və diqqətini daim ümumi məqsədlər üzərində cəmləmə kimi keyfiyyətlər tələb edir.
İKT səriştələri:
Word
Excel
Power point
İnternet
Smart board
Digər proqramlar
Sosial– emosional səriştələr:
Emosional, qeyri-stabil vəziyyətlərdə çalışma;
Sərbəst nitq qabiliyyəti;
Müxtəlif mədəniyyətlərə qarşı tolerantlıq və fərqli komanda üzvləri ilə çalışa bilmək.
Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıdan gözləntilər;
Komanda işi təşkil etməklə yüksək produktivlik nümayiş etdirmək;
Məktəbin inkişaf etdirilməsi mütləq olan sahələrini müəyyən etməklə nəticəyönümlü fəaliyyət təşkil etmək;
Müəllim, sinif rəhbərləri və psixoloqla sıx əməkdaşlıq etmək;
Mütəmadi olaraq valideyn və şagirdlərlə görüşlərin keçirilməsi;
Rəhbərliyin qərarı əsasında məktəbi müxtəlif tədbirlərdə təmsil etmək;
İl ərzində illik fəaliyyət planı əsasında məktəbdaxili tədbirlərin təşkilində və keçirilməsində iştirak etmək;
Müxtəlif plan, proqramların tərtibatında iştirak və prosesə rəhbərlik etmək;
Müəllimlərin peşəkar inkişafının təmin edilməsi imkanlarını müəyyən etmək;
Şagirdlərdə həyati bacarıqların inkişaf etdirilməsi üçün müxtəlif yollar axtarmaq;
Daim yerli və beynəlxalq təcrübələri araşdırmaq;
Məktəbdaxili sağlam, korporativ mühitin formalaşdırılmasında yaxından iştirak etmək.
İmtahan prosesi:
1.İmtahan prosesi iki - test və müsahibə mərhələsindən ibarətdir:
1.1.Test mərhələsi: Bu mərhələ vakansiya verilmiş vəzifə, İKT səriştələri və dünya görüşü üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 40 bal təşkil edən 40 sualdan ibarətdir. Vəzifə üzrə hər biri 1 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və dünya görüşü üzrə hər biri 1 bal olmaqla 10 sualdan ibarətdir. Keçid həddi (ixtisas üzrə minimum 20 bal olmaq şərtilə) 20 bala bərabərdir. 20 və 20 baldan çox toplamış namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
1.2.Müsahibə mərhələsində namizədə 5-15 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək.
1.3.Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Uğurla keçib yerləşdirilməyən şəxslər isə ehtiyat kadr bazası siyahısına daxil ediləcəklər. Ehtiyat kadrlar bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi bir il ərzində həyata keçirilə bilər.