31.01.2026

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanı keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin müxtəlif səbəblərdən ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat təhsilalma forması üzrə aralıq imtahanı təşkil olunub. 

İmtahanın keçirilməsində əsas məqsəd təhsilini yarımçıq qoymuş şəxslərin yenidən təhsil prosesinə cəlb olunmasını təmin etmək, onların bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda gələcək təhsil imkanlarına yol açmaqdır.

Dağlıq Şirvan RTİ üzrə eksternat təhsilalma forması üzrə aralıq imtahanında ümumilikdə 258 nəfər namizəd iştirak edib.

Qeyd edək ki, eksternat qaydasında keçirilən imtahanlarda uğur qazanan şəxslər ümumi orta və tam orta təhsil haqqında attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququ əldə edəcəklər.