Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov Şamaxı rayonunda məktəb direktorları ilə görüşüb.
Görüşdə idarənin müdir müavini Rahim Novruzov, İnzibati təşkilat sektorunun müdiri Aysel Sadıqova və Tədrisin keyfiyyəti sektorunun müdiri səlahiyyətlərini icra edən Cəmil Muradov da çıxış ediblər.
Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə 2025/2026-cı tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrası, tədrisin və qiymətləndirmənin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daxili keyfiyyət təminatı işlərinin gücləndirilməsi və rəhbərliyin məsuliyyətinin artırılması istiqamətləri müzakirə olunub.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı şagirdlərdə milli dəyərlərin, vətəndaşlıq şüurunun və hüquqi biliklərin artırılması istiqamətində cari il ərzində keçirilən tədbirlərlə yanaşı noyabr ayında da təhsil müəssisələrində 12 noyabr Konstitusiya günü ilə bağlı tədbirlərin keçirilməsi tapşırılıb.
Daha sonra Şamaxı rayonu üzrə təhsil sektorunun müdiri Məsud Babayev çıxış edərək qarşıdakı dövrdə fəaliyyətlərin daha səmərəli və məqsədyönlü şəkildə davam etdiriləcəyini bildirib.
Görüşün sonunda məktəb direktorlarına Keyfiyyət Fəaliyyət Planının icrasına və digər fəaliyyət istiqamətlərinə daha məsuliyyətlə yanaşmaları tövsiyə olunub.