Dağlıq Şirvan Regional Təhsil İdarəsində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, idarənin əməkdaşları, Rayon Təhsil Sektorlarının müdirləri, ETİHİ-nin rayon komitələrinin sədrləri, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan idarə müdiri Ramin Abasov regionun bütün müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.
Daha sonra regionun bir qrup təhsil işçisi gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Tədbirdə çıxış edənlər müəllimlik peşəsinin əhəmiyyətindən, gənc nəslin təlim və tərbiyəsində müəllimlərin əvəzsiz rolundan, ölkə rəhbərliyinin pedaqoji fəaliyyətlə məşğul olanlara diqqət və qayğısından danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, həyata keçirilən strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub, keyfiyyət göstəriciləri, məktəblilərimizin beynəlxalq bilik yarışlarında nəticələri ildən-ilə yüksəlib, dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etmiş məzunlarının sayı əhəmiyyətli şəkildə artıb. Bu nailiyyətlərin əldə edilməsində böyük əməyi olan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarıb. Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinin əməyinin qiymətləndirilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır.
Tədbirin bədii hissəsində balaca fidanların və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib.
Bütün müəllimlərimizi peşə bayramları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzulayırıq!