Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov İsmayıllı rayonu üzrə təhsil sektorunun əməkdaşları və ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
İlk öncə "Zəkaların mübarizəsi" olimpiadasında qalib olaraq respublika birincisi olan şagirdlərlə görüşən idarə müdiri onları təbrik edərək Fəxri Fərman və hədiyyə təqdim etmişdir.
Görüşdə idarə müdiri çıxış edərək cari və qarşıda duran məsələlərlə əlaqəli məktəb direktorlarına tapşırıqlar verərək, işlərində məsuliyyətli olmalarını bildirmişdir. Həmçinin idarə müdiri tərəfindən İsmayıllı rayonu üzrə IX sinif buraxılış imtahanlarının və respublika fənn olimpiadalarının nəticələri müzakirə edilmiş, tədrisin keyfiyyətinin artırılması, istedadlı şagirdlərlə işin gücləndirilməsi istiqamətində tapşırıqlar verilmişdir.
Daha sonra idarənin müdir müavini Rahim Novruzov tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə çıxış edərək, işlək fəaliyyət planlarının hazırlanması metodikası, eləcə də sektorlar və məktəblər üçün yeni yaradılan və onlayn formada təqdim ediləcək hesabatlılıq platformasının tətbiqi haqqında məlumat vermişdir.
Bunlardan əlavə "Son zəng" tədbirinin keçirilməsi ilə əlaqədar MÜTDA tərəfindən təqdim edilmiş qaydalar və nümunəvi ssenari onların diqqətinə çatdırılmış, bunun icrası ilə əlaqədar məktəb rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonda məktəb direktorlarının sualları və təklifləri dinlənilmişdir.