Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 13 noyabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.
Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri yaşadıqları rayon üzrə Təhsil Sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.
1. Dağlıq Şirvan Regional Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3x4 ölçüdə iki ədəd fotoşəkil;
4. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;
5. Ümumi orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (9-cu sinif üzrə) müraciət edildiyi halda əvvəllər təhsil aldığınız müəssisədən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın əsli;
Qeyd edək ki, ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı isə 18-dən aşağı olmamalıdır.
İmtahan nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. Aralıq imtahanlarında uğur qazanmış şəxlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.