Sabah (13 mart) Şamaxı rayonunda Dövlət İmtahan Mərkəzi tərəfindən cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. İmtahanlar şəhər 2,6,9 saylı tam orta məktəblərin binalarında keçiriləcək və ümumilikdə imtahanda 725 nəfər məzun iştirak edəcəkdir. Rayonumuzda imtahanlarla əlaqəli bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Bütün məzunlara buraxılış vərəqləri və tibbi bəyannamələr çap edilərək təqdim edilib, nəzarətçi müəllimlərlə seminar keçirilib. Eyni zamanda təlimata uyğun olaraq sinif otaqları nömrələnərək hazırlanıb, məktəb binaları dezinfeksiya edilib, məsafəni gözləmək üçün həyətdə xətlər çəkilib, sanitar qovşaqlarda suyun axarlılığı təmin edilərək, ümumiyyətlə sanitar-gigeyinik normaları tələb edən bütün tapşırıqlar icra olunub. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Həmçinin şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi, sağlamlıq haqqında bəyannamə üzərində olmayan və maska taxmayan şagirdlər imtahana buraxılmayacaq. Məzunlarımıza imtahanlarda uğurlar arzulayırıq.