22.02.2022

Prezident İlham Əliyevin gənclər siyasəti

Ölkəmizdə hər il 2 fevral “Gənclər günü” kimi qeyd olunur. Bu fərman Ümummilli lider tərəfindən 1997-ci ildə verilən qərarla rəsmən təsdiqlənmişdi. Bu il Gənclər gününün təsisisinin 25 illiyidir. Hər bir ölkənin gəncləri həmin dövlətin gələcəyidir. Prezident İlham Əliyevin apardığı siyasətin təməlində də məhz gəncləşdirmə siyasəti durur. Son illərdə dövlət idarə orqanlarında, yerli icra hakimiyyətlərində, nazirliklərdə gəncləşdirmə siyasətini görürük. Müasir savadlı gənclik ölkənin gələcəyi deməkdir. Məktəblərdə artıq gənc müəllimlər çalışır, şagirdlərə yüksək səviyyədə təhsil verilir. Ölkədə aparılan gəncləşdirmə siyasəti öz bəhrəsini verməkdədir. Son illərdə gənclərimizin bir hissəsinin hərbi məktəblərə meyl etdiklərini görürük. Peşəkar gənc hərbi kadrlar yetişir. Qarabağ müharibəsində gənclərin düşmənlə necə döyüşdüyünü gördük. Gənc igid əsgərlərimiz qorxu bilmədən düşməni məhv etdi və bir çoxu müqəddəs şəhidlik zirvəsinə qovuşdu.

Prezident İlham Əliyev hər il olduğu kimi bu ildə gənclərlə görüş keçirdi. Onların problemlərini dinlədi. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri kimi göstərilmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini yüksək qiymətləndirmişdir. Bu gün aparılan gənclər siyasətidə məhz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş böyük siyasi xəttin davamıdır.

Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Gənclərimizin böyük əksəriyyəti vətənpərvərlik ruhunda böyümüş vətəndaşlardır.

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil, sağlam gələcək deməkdir. Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlanılmışdır. Gənclərimiz idmanda, təhsildə, siyasətdə, musiqi aləmində beynəlxalq səviyyədə öz sözünü deyir.

Yaşasın Azərbaycan gəncliyi !