18.01.2022

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! 1989-cu ilin dekabrında Azərbaycan xalqı həm şimaldan, həm cənubdan sərhəd ərazilərə toplaşaraq dəmir məftilləri qırdı. Soyuq Arazın sularına atılan insanlar həmrəylik, vəhdət nümayiş etdirdilər. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması təşəbbüsü irəli sürüldü. SSRİ-nin süqutunun son dövründə Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin günlərlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı azərbaycanlıların bir millət olduğunu dünya miqyasında yenidən canlandırdı.
     1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 1993-cü ildən isə bu bayram ümumi respublika səviyyəsində qeyd olunur.Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm ideoloji rol oynayır. Dünya azərbaycanlılarının həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.
Vətən müharibəsində Azərbaycan xalqının prezident ətrafında birləşərək mənfur düşmənə qalib gəlməyi bir daha bu həmrəyliyin nümayişi oldu. Mübariz əsgərlərimizin işğal altında olan torpaqlarımızı azad etməsi bir daha onların cəsarətini, şücaətini, qəhrəmanlığını, əzmini, vətənə bağlılığını bütün dünyaya göstərdi.
"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - Müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.


Açar sözlər: ,