27 sentyabrda başlamış 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini şərtləndirən bir neçə ciddi amil var. Zəfəri təmin edən başlıca faktor Ali Baş komandanımızın vaxtında ortaya qoyduğu düzgün döyüş strategiyası oldu. Prezident Ilham Əliyev Azərbaycanın haqq işinə mane olmaq istəyən və ermənilərə dəstək göstərən bir sıra xarici ölkə rəhbərlərinin zənglərini tutarlı arqumentlərə əsaslanmış müdrik cavabları ilə neytrallaşdırmağı bacardı.
44 günlük Vətən müharibəsi dövründə dünyanın 30-a yaxın televiziya və mətbuat orqanlarına verdiyi müsahibələrində cənab prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti haqq işimizə inandıra bildi. Müsahibələr almaq üçün ermənilərin sifarişləri ilə ölkəmizə gələn jurnalistləri də susdurdu. Təbii ki, prezident İlham Əliyevin beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələri informasiya məkanındakı qələbəmizin təminatçısı oldu. Prezident İlham Əliyevin müsahibələrindən sonra dünya ictimaiyyətinin Azərbaycana baxışlarında köklü dəyişiklik oldu. Digər amil isə müasir hərbi texnologiya oldu. Zamanında əldə edilmiş pilotsuz uçan aparatlar tarixi qələbəmizin təmin edilməsində xüsusi rol oynadı. Düşmənin dərinlikdə yerləşən hərbi hədəflərini dəqiq atəşlə məhv etməklə Vətən müharibəsində istifadə etdiymiz PUA-lar dünya hərbi güc mərkəzlərinin də öz silahlanmalarını yenidən nəzərdən keçirməsini aktuallaşdırdı.
Qələbəmizi şərtləndirən digər bir amil iqtisadi gücümüz oldu. Əgər iqtisadiyyatımız zəif olsaydı, təbii ki, xarici amillərin Vətən müharibəsinə müdaxilələri və təzyiqləri çoxalacaqdı.Prezident İlham Əliyev uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdı. Məhz cənab prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir.Şuşanın işğaldan azad edilməsi münasibəti ilə prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi : ”Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi.” Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi,qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın öz prezidentinin ətrafında yumruq kimi birləşməsi qələbəmizi təmin etdi. Həmçinin, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək göstərməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlərin - Rusiya və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranışları, digər tərəfdaş dövlətlərin haqq işimizi dəstəkləməsi Vətən müharibəsində ölkəmizin tam qələbəsini təmin edən amillərdir.
44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri oldu. Ölkəmizin igid, qəhrəman oğulları öz qanı bahasına bu qələbəni bizə qazandırdı. Minlərlə könüllü gəncimiz silaha sarılaraq Ali Baş Komandanın döyüş tapşırıqlarını yüksək səviyyədə icra etdi .Qələbənin təmin olunmasını şərtləndirən amilllərdən ən əsası ölkəmizdəki milli birlik, həmrəylik oldu: “Siyasi baxışlarından, milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqımız birləşərək Ali Baş Komandanın dəmir yumruğu oldu və bu dəmir yumruq düşmənin başından vuraraq döyüş meydanında məhv etdi.” Prezident İlham Əliyevin rəhbərliyi altında apardığımız 44 günlük Vətən müharibəsindəki zəfərimiz 30 ilə yaxın bir müddətdə itirdiyimiz torpaqlarımızı özümüzə qaytardı.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin ikinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsini yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Prezident İlham Əliyev bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır. Sərəncama əsasən noyabrın 8-i Azərbaycan Respublikasında qələbə- Zəfər Günü kimi qeyd edilir.
Qarabağ Azərbaycandır!