17 oktyabr 2020-ci ildə cənab prezident İlham Əliyev xalqa müraciət edərək şad xəbər verdi: “Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri var. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, Horadiz, Aşağı Əbdürrəhmanlı, 9 oktyabrda Yuxarı Güzlək, 14 oktyabrda Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabrda da Arış kəndi işğaldan azad edilib.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Bütün bu məsələlər prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib. Ölkəmiz həm də region üçün yaxşı gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Dövlət başçısı çıxışlarında da bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan artıq yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb.
2021-ci ilin yanvarında Azərbaycan prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi yanvar ayının 14-də baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi və ilk sınaq təyyarəsini qəbul etmişdi. Sentyabrın 5-də Bakıdan uçan AZAL-ın "Qarabağ" adlı ən böyük Airbus A340-500 tipli sərnişin təyyarəsi sınaq reysi keçirərək Füzuli aeroportunda eniş etdi. 26 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının rəsmi açılışını etdilər. Bu qüdrətli Azərbaycan dövlətinin növbəti möhtəşəm uğurudur.