09.11.2021

9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günüdür

9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günüdür.

Bayraq mənliyimdir, bayraq kimliyim Bayraq öz yurduma öz hakimliyim. ( Bəxtiyar Vahabzadə)

Hər bir dövlətin rəsmi rəmzlərindən biri bayraqdır. Dünya dövlətləri yaranan gündən bəri bayrağı dövlət rəmzinə çevirmişlər. Hər dövlətin bayrağı onun xarakterini, dövlətin məramını və məqsədini tərənnüm edir. Məhz buna görə də bayraq əsas dövlət atributlarından sayılır.

Müasir Azərbaycanın üçrəngli bayrağının tarixi kökləri Səfəvilər dövlətinə gedir. Belə ki Şah İsmayıl Xətainin hakimiyyəti dövründə o türkçülük, müasirlik və islamçılıq ideyalarını dövlətin əsas prinsipinə çevirmişdir. Bu prinsipləri real dövlət rəmzinə çevirən bayraq isə ilk dəfə AXC-nin hakimiyyəti dövründə 1918-ci il 9 noyabrda təsdiq edilmişdir. Dövlət bayrağımız üç rəngdədir. Mavi rəng- türkçülüyü, qırmızı rəng müasirlik,demokratiya, yaşıl rəng-müsəlmançılıq və islam dininə mənsubluğu bildirir. Bayrağın üzərində ağ rəngdə ay və 8 güşəli ulduz da təsvir edilmişdir. Bayrağın dizaynını görkəmli ədib və mütəfəkkir Əli bəy Hüseynzadə vermişdir. Türkçülük, müasirlik və islamçılıq ideyaları irəli sürən Əli bəy bu fikirləri Dövlət Bayrağına da tətbiq etmişdir. Cümhuriyyətin qurucularından olan Məmməd Əmin Rəsulzadə ,,Bir kərə yüksələn bayraq bir daha enməz,, ifadəsini işlətmişdir.

1991-ci ilin 5 fevral tarixində üçrəngli bayrağımız çağdaş Azərbaycan Respublikasının bayrağı kimi Azərbaycan Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu ilin 9 noyabr tarixində Dövlət Bayrağı günündə Bayraq muzeyinin açılışı oldu. 2009-cu ilin 17 noyabr tarixində cənab prezident İlham Əliyev Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. 2010-cu ilin 1 sentyabr tarixində Bakıda cənab prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayraq Meydanının təntənəli açılışı olmuşdur. Həmin meydanda Azərbaycan Respublikası Dövlət Bayrağı dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metrdir. Çəkisi 350 kq-dır. Ginnes dünya rekordları təşkilatı Azərbaycan bayrağının ən hündür bayraq olmasını təsdiq etmişdir.

2020-ci ilin sentyabr-noyabr aylarında II Vətən müharibəsində cənab ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan ordusu üçrəngli bayrağımızı azad olunan bölgələrdə sancdı. Azərbaycanın Dövlət Bayrağı Cəbrayıl (4 oktyabr), Füzuli (17 oktyabr), Zəngilan (20 oktyabr), Qubadlı (25 oktyabr), Şuşa ( 8 noyabr), Ağdam (20 noyabr), Kəlbəcər (25 noyabr), Laçında ( 1 dekabr) artıq dalğalanmaqdadır.

Yaşasın Azərbaycan! Bayraq gününüz mübarək!

 


Açar sözlər: