2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatları ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ Müharibəsində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın zəfər salnaməsini yazdı.
Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.
Uzun illərdir BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə düşmən məhəl qoymurdu. Məhz bu qətnamələr şanlı ordumuzun inamlı qələbəsi ilə icra olundu, doğma torpaqlarımıza səbirsizliklə qayıdacağı günü gözləyən insanlarımızın arzuları reallığa çevrildi.
44 günlük zəfər yürüşündə 300-dən çox yaşayış məntəqəsi, şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edildi. Silahlı qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldıldı.
Ölkə Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. Cənab Prezident vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini Şəhidlər Xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.
Şuşanın işğaldan azad olunması, üçrəngli bayrağımızın bu qədim şəhərimizə sancılması Vətən müharibəsində dönüş nöqtəsi oldu, dövlətimizin başçısı düşməni təslim olmağa məcbur edərək Ermənistanın kapitulyasiya aktı olan birgə bəyanatla qalan digər torpaqlarımızın – Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün bərpasına nail oldu.
Bununla da, dövlət başçısı, cənab İlham Əliyev xalqımızın qəlbində Milli Qəhrəmana çevrildi, onun adı tariximizə qızıl hərflərlə həkk olundu. Möhtərəm Prezidentimiz görkəmli dövlət xadimi kimi müdrik siyasəti nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.
Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirdi. Prezidentimiz fəxrlə və qətiyyətlə söylədiyi bu ifadənin tarixi həqiqət olduğunu böyük sərkərdə məharəti ilə bütün dünyaya sübut etdi.
İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı.
2021-ci il yanvarın 11-də keçirilən üçtərəfli görüşdən sonra imzalanan ikinci bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Moskva görüşündə Prezident İlham Əliyevin nitqləri, davranışı göstərdi ki, Azərbaycan uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır və öz fəaliyyətini məhz bu istiqamətdə qurur.
Ali Baş Komandanın söylədiyi kimi : “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik”.