27 sentyabr 2020-ci il... Bu tarix ən gözəl günlərin başlanğıcı idi. Məhz bu gün Azərbaycanın ən yeni tarixinə zəfər tariximiz olaraq, qızıl hərflərlə yazıldı. Düz 30 ildən sonra Azərbaycan öz torpaqlarını geri alaraq, özünü və qüdrətini bütün dünyaya sübut etdi. "Dəmir yumruq əməliyyatı" öz nəticəsini verdi. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz qisasını 44 gündə aldı və kimin kim olduğunu düşmənə göstərdi.
30 il bundan öncə Azərbaycan xalqı tək torpaqlarını itirməmişdi, həm də minlərlə şəhid vermişdi, yaşama sevincini, arzularını itirmişdi. Lakin bu müharibə bizim ümidlərimizi, yaşama sevincimizi özümüzə qaytardı. "Vətən müharibəsi" bizə əsl qüruru yaşatdı.
1994-cü ildə atəşkəs elan olunsa da Ermənistan atəşkəsə məhəl qoymayıb, Azərbaycan ərazilərini mütəmadi olaraq atəşə tuturdu. Azərbaycan dövlətinin bu münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni etməsinə baxmayaraq, Ermənistan öz fikrindən daşınmırdı, hətta özlərinin belə tanımağa cəsarət etmədikləri qondarma "Artsax" rejiminin beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmasını istəyirdi. BMT-nin erməni ordusunun işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılması və münaqişəyə son qoyulması haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan öz işğalçı siyasətini davam etdirir, beynəlxalq hüquqa məhəl qoymamaqda davam edirdi.
27 sentyabrda Ermənistanın atəşkəsi növbəti dəfə pozması müharibəni qaçılmaz etdi. Bu tarixdən bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın Şuşada Cıdır düzündə Yallı oynaması və "Qarabağ Ermənistandır" kimi saxta ifadələr işlətməsi Azərbaycan xalqının mənəviyyatına toxunmuşdu.
Rəşadətli ordumuzun əks hücum əməliyyatları nəticəsində 1990-cı illərdə 3 il ərzində itirdiyimiz əraziləri 44 gündə geri qaytarıldı. İşğal tarixləri zəfər tarixləri ilə əvəz olundu: 4 oktyabr 2020- Cəbrayıl, 17 oktyabr 2020- Füzuli, 20 oktyabr 2020-Zəngilan, 25 oktyabr 2020- Qubadlı, və nəhayət 8 noyabr 2020-ci il tarixində Şuşa işğalçıların tapdağı altından azad olundu. Noyabr ayının 9-dan 10-na keçən gecə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı birgə bəyənat imzalandı. Bu müqaviləyə əsasən noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilirdi. Münaqişə Azərbaycanın qələbəsi ilə sona çatdı.
Bu müharibədə 2904 şəhid verdi Azərbaycan. Minlərlə qazilərimiz oldu. Azərbaycanın qəhrəman oğulları bizə qələbə sevincini yaşatdılar. Bu qələbəyə bizi, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və güclü rəhbərliyi çatdırdı. Məhz cənab Ali Baş Komandanın ətrafında dəmir yumruğa çevrilmiş xalqımızın qəhrəmanlığı sayəsində bu böyük qələbə qazanılmış oldu. 30 il münaqişənin sülh yolu ilə həll olunmasını gözləyən xalqımız öz dözümlülüyünü və sülhpərvərliyini, 44 günlük müharibə ərzində tarixi ədaləti bərpa etməklə isə öz qəhrəmanlığını bütün yer kürəsinə göstərmiş oldu.
QARABAĞ AZƏRBAYCANDIR !