Ölkəmiz müstəqillik əldə edəndə digər sahələrdə olduğu kimi ordu quruculuğunda da boşluqlar var idi. I Qarabağ müharibəsində döyüşən əsgərlər əsasən könüllü batalyonlarda birləşmişdilər. Nizami ordu mövcud deyildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ordu quruculuğu ön plana keçdi. 1993-cü ilin 1 noyabr tarixində Dövlət Müdafiə Şurası yaradıldı. H.Əliyevin düzgün xarici siyasəti nəticəsində 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşması ilə dinc tənəffüs dövrü yaradıldı və ordu quruculuğu sahəsində ardıcıl işlər böyük sürətlə davam etdirildi.
XXI əsrin əvvəlində dövlətimizə İlham Əliyev başçılıq etməyə başladı. Ordu quruculuğu, vətənpərvər əsgərlərin yetişdirilməsi dövlət siyasətinin prioritet sahəsinə çevrildi. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Nazirliyin nəzdində yüzlərlə silah-sursat, zirehli texnikalar və digər döyüş avadanlıqları istehsal olunmağa başlandı. Görülmüş işlər nəticəsində ordumuz Cənubi Qafqazın ən güclü ordusuna çevrildi.
1994-cü ildən 2021-ci ilədək olan dövrdə də qəhrəman əsgərlərimiz hər zaman torpaqlarımızı azad etməyə qadir olduğunu sübut edib. 2010-cu ilin iyununda gizir Mübariz İbrahimov təkbaşına ermənilərlə döyüşə girmiş və onlarla erməni terrorçusunu məhv etmişdi. Ardınca Fərid Əhmədov da Mübariz kimi qəhrəmanlıq göstərmişdir. Qəhrəman əsgərlərimiz bu illərdə dəfələrlə erməni təxribatının qarşısını almışdır. 2016-cı ilin aprelində isə Azərbaycan əsgərləri misilsiz qəhrəmanlıq göstərərək ermənilərin növbəti dəfə mülki əhalimizə qarşı təxribatının qarşısını almış və düşmənə sarsıdıcı zərbə endirmişdir. Əsgərlərimiz Talış yüksəkliyi, Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndini düşməndən tamamilə azad etdi. Aprel döyüşlərində Şükür Həmidov, Murad Mirzəyev və Samid İmanova Milli Qəhrəman adı verildi. 2018-ci ilin mayında qoşunlarımızın növbəti əks-hücumu nəticəsində Şərur rayonunun Ağbulaq, Qızılqaya yüksəklikləri və Günnüt kəndi düşmən işğalından azad edilmişdir. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində təxribatlar nəticəsində ermənilər geri otuzduruldu. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid oldu. Xalqımızın səbri tükənmək üzrə idi. Hər bir Azərbaycan əsgəri, xalqın vətənpərvər oğulları müharibəyə hazır olduqlarını bildirirdilər.
2020-ci il 27 sentyabr səhəri növbəti erməni təxribatı nəticəsində Ali Baş Komandanın əmri ilə qoşunlarımız əks-hücuma keçdilər. Ölkədə səfərbərlik elan olundu. Ehtiyatda olan zabitlər, əsgərlər böyük ruh yüksəkliyi ilə könüllü olaraq cəbhəyə yollandılar. Xalqımız dövlət başçımızın ətrafinda sıx birləşərək dəmir yumruğa çevrildi. 44 günlük şanlı müharibə ,,Dəmir yumruq” əməliyyatı adı ilə tariximizə yazıldı. Qəhrəman əsgərlərimiz 4 oktyabrda Cəbrayılı, 17 oktyabrda Füzulini, ertəsi gün Xudafərin körpüsünü düşməndən azad etdi. 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı rayonu yağı düşməndən azad edildi. Əsgərlərimiz durmadan qəhrəmanlıq göstərərək bir-birinin ardınca yüzlərlə yaşayış məntəqəsini azad etməkdə davam edirdi. 8 noyabrda Şuşa heç bir artilleriya, zirehli texnika istifadə edilmədən azad edildi. İgid əsgərlərimiz Şuşanı əlbəyaxa döyüşdə ermənilərə qalib gəlməklə azad etdilər. Həmin gün Ali Baş Komandan tərəfindən Zəfər günü elan edildi. 10 noyabr 2020-ci il tarixdə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. Azərbaycan əsgəri, onun müzəffər Ali Baş Komandanı 44 günlük müharibədə qalib gəldi. Prezident İlham Əliyev informasiya mübarizəsində də qalib gəldi. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əsl qəhrəmanlıq nümunəsi göstərdi və müharibədə qalib gəldi. 30 illik işğala son qoyuldu. 2020-ci il 10 dekabrda Bakıda müzəffər ordumuzun qələbəsinə həsr olunmuş Qələbə paradı keçirildi.
Yaşasın müzəffər Ali Baş Komandan, yaşasın qəhrəman əsgərlərimiz ! Allah şəhid əsgərlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, vətən bölünməz!