Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2020-2021-ci dərs ilində ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması ilə əlaqədar təhsil naziri cənab Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən Şamaxı şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Şirəliyeva Aytac Rövşən qızı II dərəcəli diplomla təltif edilmişdir. Aytac Şirəliyeva Şamaxı RTŞ-nin müdiri Məsud Babayev tərəfindən qəbul edilmiş, Təhsil Nazirliyi tərəfindən verilən diplomu və noutbuku ona təqdim edərək, təbrik etmiş və gələcəkdə daha yüksək uğurlar arzulamışdır.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli həyatı və fəaliyyəti, zəngin siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək olub.
Şagirdimizi və təhsil aldığı məktəbin kollektivini təbrik edir, ona gələcəkdə daha yüksək uğurlar arzulayırıq.