19.04.2021

Vətən müharibəsi və Azərbaycan-Türkiyə münasibətləri

Azərbaycan-Türkiyə münasibətləri günü-gündən daha da möhkəmlənir. Ölkələr arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan– Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir – birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Türkiyə bütün zamanlarda olduğu kimi II Qarabağ müharibəsində də haqq işinə dəstək vermişdir. Müharibə dövründə ilk günlərdən Türkiyə prezidenti açıqlamalar verərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu beynəlxalq aləmdə bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.

II Qarabağ müharibəsi bitdikdən sonra Rusiya–Türkiyə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi 2020 – ci ilin noyabr ayının 10 - da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmışdır. Monitorinq mərkəzinin fəaliyyət göstərməsində əsas məqsəd post – müharibə dövründə bölgədə nəzarəti təmin etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək münaqişə zonasında hər hansı bir qarşıdurma olmamasını təmin etməkdir.

Azərbaycan və Türkiyə iki qardaş ölkə, strateji müttəfiqlərdir. Türkiyə silahlı qüvvələrinin onlarla mütəxəssisi Azərbaycana ezam edilib. Hərbi əməkdaşlığımız gündən – günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində ardıcıl işlər aparılır.

Müharibədən sonra Qarabağda yenidənqurma işlərinin aparılması prosesində də Türkiyə ilə sıx əməkdaşlıq edilməkdədir. Görüləcək işlərin həcminin çox böyük olduğunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə dəfələrlə müzakirə etmişdir. Bu işlərin görülməsində də ölkəmiz beynəlxalq əməkdaşlıqlar çərçivəsində müəyyən addımlar atmaqdadır. Artıq icrasına başlanılmış bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində türk şirkətləri iştirak edirlər.

Türkiyə - Azərbaycan qardaşlıq münasibətlərinin göstəricilərindən biri də 1993 – cü ildə Kəlbəcər işğal edildikdən sonra qardaş dövlətin Ermənistanla sərhədlərini bağlamasıdır. Türkiyə Ermənistanın müstəqilliyinin ilk günlərindən onlarla ikitərəfli, normal siyasi və iqtisadi əlaqələr qurmaq fikrində idi. Lakin mənfur və təcavüzkar Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Türkiyə bu dövlətlə sərhədlərini bağladı. Əfsuslar olsun ki, Ermənistanda anti-türk təbliğatı hər zaman əsas siyasi və ideoloji xətt olmuşdur. Türkiyəfobiya orada rəsmi idealogiyaya çevrilib. Türkiyənin Ermənistanla sərhədlərini bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktı idi. İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır. Ermənistan hakimiyyəti konstruktiv siyasi xətt götürərsə bölgədə davamlı sülhün təmin edilməsi mümkün olar. Ermənistan üçün həyati əhəmiyyət kəsb edən Türkiyə ilə sərhədlərin açılması məsələsi də onların realist və konstruktiv siyasətinin nəticəsində mümkün ola bilər.

Azərbaycan və Türkiyə bölgədə sülhpərvər siyasət yürüdən və inkişaf edən iki qardaş dövlətdir. Regionda lokomotiv rolunu oynayan dövlətlərimiz qonşuları ilə sülh və dostluq şəraitində yaşamağın tərəfdarıdırlar.


Açar sözlər: ,