07.04.2021

TARİXİN DƏRSLƏRİ

O xalq tarixin səhifələrində silinməz iz qoyur ki, o, öz dəyərlərini,xüsusiyyətləri, geniş anlamda mentalitetini əsrlər boyu yaşadıb inkişaf etdirə bilir. Azərbaycan məhz belə xalqlardandır. Azərbaycanımızın tarix səhifələrini vərəqləsək bu xalqın bitməyən dastanının şahidi olarıq. Böyük bir imperiyanın cəngindən öz qüdrətini qoruyaraq azadlıq əldə edən bir məmləkətdir Azərbaycan!

1991- ci ildə azadlığını qanla əldə edən Azərbaycan çox təəssüflər olsun ki, səriştəsiz rəhbərliklə, mənfur qonşu ilə rastlaşdı. Xalqın tək ümidi illər öncə ona dəstək duran, öz siyasəti ilə milli özünəqayıdış hissini xalqına yaşadan vətən oğluna – Ümummilli Lider Heydər Əliyevə idi. Xalqının səsinə cavab olaraq hakimiyyətə gələn Heydər Əliyev uğurlu siyasəti, millətinə dəstəyi sayəsində Azərbaycanın dövlətçiliyinin itirilmə təhlükəsindən azad etdi. Ölkə günü-gündən inkişaf etdi, təkcə daxili siyasəti deyil, xarici siyasi əlaqələri də genişləndi, ordu quruculuğu, gənclər siyasəti, təhsil, səhiyyə islahatları ölkənin güclənməsinə səbəb oldu.

1993-2003 - cü illər Azərbaycan üçün inkişaf mərhələsi idi. Artıq regionda, hətta dünyada Azərbaycan öz sözünü demiş məmləkətə çevrildi. Ümummilli liderin cismani itkisinə üzülən Azərbaycan xalqı böyük ümidlərini onun layiqli davamçısı cənab İlham Əliyevə bağlamışdı. Ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev ölkə rəhbərliyinə gələn gündən uzaqgörən və müdrik siyasəti ilə ölkəmizin hərtərəfli tərəqqisi yolunda çalışmağa başladı. Günü - gündən güclənən ölkə kimi Azərbaycanın artıq bir məqsədi vardı: itirilmiş torpaqlarını geri qaytarmaq. Artıq qonşu təcavüzkar Ermənistanla ölkəmiz arasında güclü fərq yaranmışdı. Bir tərəfdə öz liderinin güclü siyasəti, xalqının ona inamı ilə inkişaf edən Azərbaycan, digər tərəfdə dərin böhranda boğulan, iqtisadiyyatı tənəzzülə uğrayan, bir-birini ittiham edən, həbslər yaşayan Ermənistan.

Daha zaman yetişmişdi. Cənab Prezidentin 10 noyabrdakı tarixi nitqi artıq bu zamanın necə yetişdiyini geniş təhlil etməkdədir.

Azərbaycanın azadlıq müharibəsi ədalətli bir müharibə idi. Düzgün məqam və düzgün zaman seçilmişdi. Yetişdirilmiş vətənpərvər, öz rəhbərinə inanan və güvənən gənclik var idi. Vətənpərvərlik ruhunda, dövlətə, millətə sədaqət ruhunda yetişdirilən gənclər torpaqların işğaldan azad edilməsində misilsiz əzmkarlıq göstərdi. Heç zaman o torpaqlarda olmayan, yaşananları tarix səhifələrindən oxuyan gənclik, aslan kimi vuruşub, qanlarından, canlarından keçərək bir addım da olsun geri çəkilmədilər. Bu gənclik içərisində bu torpaqlarda yaşayan azsaylı xalqların nümayəndələri də , azərbaycanlılarla birgə bir yumruq olaraq liderinin ətrafında sıx birləşmişdilər. Onların bir amalı vardı: İşğal altındakı torpaqların azad edilməsi. Bu mübarizədə Azərbaycan xalqı illər öncə də , günümüzdə də neçə - neçə oğularını şəhid verdi.

Dövlət siyasətinin ən prioritet sahələrindən biri şəhid ailələrinə və qazilərə qayğı məsələsidir. Bildiyimiz kimi şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqətində olmuşdur. Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazimi köməklik göstərilmiş, sağlamlıqlarının bərpası üçün xarici ölkələrin səhiyyə təşkilatları ilə əlaqələr yaradılmışdır.

Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı geniş miqyas alıb. Bu il şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Ümumiyyətlə bu günədək 9000-dən çox şəhid ailəsi və Qarabağ əlillərinə mənzil və fərdi yaşayış evləri verilmişdir. Həmçinin bu il 400 avtomobilin müharibə əlillərinə verilməsi nəzərdə tutulmuşdur və bu sahədə işlərin icrasına artıq başlanılmışdır. Beləliklə yaşadığımız müasir tarix xalqımızın tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycan, övladlarının böyük qəhrəmanlıq səlnaməsini yaşadı. Xalqımız tarixinə böyük qəhrəmanlıq və şərəf səhifələrini əlavə etdi. Əsrlərin süzgəcindən keçərək tarix boyu çoxsaylı qəhrəmanlıq dastanları yaradan xalqımız böyük keçmişə sahib olduğunu və İlham Əliyev cənablarının liderliyi ilə böyük gələcəyə doğru inamla irəlilədiyini bütün dünyaya göstərmiş oldu.


Açar sözlər: