Bütün bölgələrdə olduğu kimi Şamaxı rayonunda da, respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib.
Şəhər 9 saylı tam orta məktəbdə keçirilən yarımfinal turunda Şamaxı, Ağsu və Qobustan rayonlarından ümumilikdə 104 nəfər şagird iştirak etmişdir ki, onlardan 52 nəfəri Şamaxı rayon ümumtəhsil məktəblərinin payına düşür.
Yarımfinal turu azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilir. Yarımfinal turunun nəticələrinə əsasən, finalda iştirak edəcək şagirdlər müəyyən ediləcək. Qaydalara görə, hər bir fənn üzrə aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə isə 48 şagird final turunda iştirak edəcək. Nəticələrin yaxın günlərdə elan olunacağı gözlənilir.