13.01.2020

Məktəblilərin Respublika fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Şamaxı rayonunda da məktəblilərin Respublika fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib.

 Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdlərindən ümumilikdə 434 nəfər iştirak edib.

 Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilir.

 Şəhər 6 saylı tam orta məktəbdə keçirilən bilik yarışı saat 10:00-da başlayıb, 13:00-da başa çatıb.

Qeyd edək ki, Şamaxı rayonunda ilk dəfə olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Şamaxı Dövlət Regional Kollecinin tələbələrindən ibarət "Könüllülər" qrupu   keçirilən fənn olimpiadasında nəzarətçi müəllimlərlə yanaşı olimpiadanın keçirilməsinə yüksək səviyyədə köməklik göstəriblər.