26 noyabr tarixində Şamaxı Rayon Təhsil Şöbəsində 19 oktyabr tarixində IX siniflər üçün keçirilən sınaq imtahanının nəticələrinin müzakirəsi ilə əlaqəli seminar keçirilib. Müzakirələr mərhələli şəkildə keçirildiyi üçün seminarda ilk növbədə şagird kontingenti 200-dən artıq olan 17 məktəbin azərbaycan-dili və ədəbiyyat, riyaziyyat və xarici dili müəllimləri iştirak edib.
Seminarda Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev, Təhsil Nazirliyinin Şamaxı rayonu üzrə təyin etdiyi təhsil meneceri Zamilə Rəhimova və RTŞ-nin metodkabinet müdiri Ağakərim Ömərov iştirak ediblər.
İlk öncə Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev çıxış edərək buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblərin müəllimlərinə bir çox tövsiyyə və tapşırıq verərək, onların işlərində ciddi dönüş yaratmalarını və növbəti buraxılış imtahanlarına kimi şagirdlərlə intensiv şəkildə iş qurmağı və buraxılış fənnlərini dərindən öyrətmələri haqında tapşırıq verib. Daha sonra təhsil meneceri Zamilə Rəhimova məktəblər və suallar üzrə nəticələri təhlil edərək müəllimlərə izahatlar verib. Sonda müəllimlərin sualları və təklifləri dinlənilərək, müzakirələr aparılıb. Müzakirələr növbəti günlərdə digər məktəblərin müəllimləri ilə də davam etdiriləcək.
Qeyd edək ki, dekabr ayında IX siniflər üçün ikinci sınaq imtahanı keçiriləcək.