4 oktyabr tarixində Şamaxıda ilk dəfə olaraq şagirdlər üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən "İnternetdə olan imkanlar və təhlükələr" mövzusunda növbəti seminar keçirilib.
Seminar yenicə istifadəyə verilən Məlikçobanlı kənd tam orta məktəbinin akt zalında keçirilib.
Üç əsas istiqamətdə aparılan seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, tədris və fərdi inkişaf üçün internetin geniş imkanları, o cümlədən təhlükələri barədə danışılıb.
Məktəblilərə müasir virtual şəbəkədə məsuliyyətli davranış qaydaları, zərərli kontentlərdən sığortalanmaq, şəxsi məlumatların təhlükəsizliyi və digər mövzular haqda ətraflı məlumat verilib.
Tədbirin sonunda şagird və müəllimlərə "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hədiyyələr təqdim edilib.