18 may tarixində Şamaxı Olimpiya Mərkəzində 28 may Respublika Gününə həsr olunan Şamaxı rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında “Stolüstü tennis” yarışı keçirilib. Rayonda ilk dəfə təşkil olunan yarışın məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviləşdirilməsi olub.
Yarış Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, ATİAHİ-nin Şamaxı Rayon Komitəsi və Şamaxı Olimpiya Mərkəzinin dəstəyi ilə keçirilib. Yarışın informasiya dəstəyi isə “Şəffaflıq” qəzeti olub. Rayonun ümumtəhsil məktəblərindən 42 müəllimin iştirak etdiyi gərgin və maraqlı keçən idman mübarizəsində ilk 3 yerin qalibi müəyyən olunub. I yerə Şəhriyar qəsəbə tam orta məktəbin fiziki tərbiyə müəllimi Əkbəri Elşən Məmməd oğlu, II yerə Qızmeydan kənd tam orta məktəbinin informatika müəllimi İsmayılov Elbrus İmdad oğlu, III yerə isə şəhər 9 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Mütəllimov Absəməd Ağaisa oğlu layiq görülüblər.
Qaliblər Şamaxı RTŞ-nin Fəxri Fərmanı, ATİAHİ-nın Şamaxı Rayon Komitəsinin Fəxri Fərmanı və pul mükafatı ilə mükafatlandırılıblar.