26.08.2018

Prezident İlham Əliyev Şamaxı rayonunda A.Şirinov adına Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.

       

          Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun  təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu A.Şirinov adına Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

            Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən sonra heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermirdi və tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-cı ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istifadəyə hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.

 


Açar sözlər: ,